SİYASƏT


Lerik ağsaqqalları Gəncədə terror aktlarını törədənləri lənətləyirlər

Lerik, 13 iyul, Bağır Əliyev, AZƏRTAC

Lerik Rayon Ağsaqqallar Şurası Gəncə hadisələri ilə bağlı bəyanat yayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədovun imzaladığı bəyanatda Gəncədə qarşıdurma yaratmaq istəyənlərin və iğtişaş törədənlərin qanunazidd hərəkətləri pislənilir.

Bəyanatda deyilir: “2018-ci il dövlətimizin və xalqımızın tarixinə yubileylər ili kimi yazılacaq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini, Milli Ordumuzun bir əsrlik yubileyini, müstəqil dövlətimizin memarı ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini böyük təntənə ilə qeyd etdik. Ordumuzun 100 illik yubileyinə həsr olunmuş paradda Prezident İlham Əliyevin parlaq çıxışı dünyada əks-səda doğurub, ölkəmizin iqtisadi və hərbi qüdrətini bir daha nümayiş etdirib.

Görünür, uğurlarımızı xaricdəki əleyhdarlarımızın gözü götürmür. Onların fitvası ilə ölkəmizin ikinci böyük şəhəri Gəncədə bir qrup radikal şəxs tərəfindən dövlətçiliyimizə qarşı təxribat törədilməsinə cəhd edilib. Şəhər icra hakimiyyətinin binası qarşısındakı meydanda asayişi pozmalarının qarşısı alınarkən iki polis zabitimiz - kəsici-deşici alətlərlə qətlə yetirilib. Bu terror aktını Lerikin ağsaqqalları və ziyalıları lənətləyirlər. Axı, bizim dinimiz terrora yox deyir.

Bəyanatda daha sonra deyilir: “Gəncə qədim şəhərdir, elm və mədəniyyət mərkəzimizdir. Mən də ali təhsilimi bu şəhərdə, pedaqoji institutda almışam. Aradan illər keçib, tələbə yoldaşlarımla əlaqəm kəsilməyib. Onların arasında respublikada tanınmış qələm sahibləri, təcrübəli pedaqoqlar, ictimai xadimlər vardır.

Gəncəlilər mərd, sözübütöv, dövlətimizə və dövlətçiliyimizə sadiq insanlardır. Şəhər son illərdə görkəmini dəyişib. Yeni yaşayış məhəllələri, xiyabanlar, parklar salınıb, mədəniyyət ocaqları tikilib, abidələr bərpa edilib.

Onlar 1993-cü ilin iyun ayında da belə təxribatla üzləşmişdilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Gəncədə qiyamı yatırtdı. Şəhər sakinləri o böyük insanı xilaskar kimi qarşıladı, qədim mədəniyyət beşiyi ona doğma övladı kimi qucağını açdı.

Ölkəmizi istəməyən qüvvələrin növbəti cəhdi də uğursuz oldu. Xaricdən idarə olunan başıpozuqların arzuları ürəklərində qaldı. Biz ağsaqqallar belə çirkin niyyətli radikallara qarşıyıq. Onlar layiqli cəzalarını almalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.