REGİONLAR
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
Lerik, 19 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 19-da Lerik Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin ölkəmizdə reallaşdırdığı “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində “Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsinin tikintisi” layihəsinin imzalanma mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəni Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori və “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin rəhbəri Anar Aslanov imzalayıblar.
Mərasimdə çıxış edən səfir Teruyuki Katori layihənin əsas məqsədinin Pirəsora və Conu kəndlərinin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin etmək və yaşayış səviyyəsini yaxşılaşdırmaq olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, layihənin ümumi məbləği 89,255 ABŞ dolları təşkil edəcək. Bu, Lerik rayonunda “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca dördüncü layihədir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.