REGİONLAR
Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Lerik rayonunun Piran–Hamarat–Vjaker avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolun 20 kilometrlik hissəsi 4-cü texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 kilometrlik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklü olmaqla yenidən inşa edilir.
Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilir. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir. Bu işlərin həcmi 350 min kubmetrdən artıqdır.
Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan layihəyə uyğun olaraq yolboyu avtoqreyderlə 22,5 min poqonmetr küvetlərin açılması və müxtəlif diametrdə 460 poqonmetr uzunluğunda suötürücü metal və dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılır. Yolu profilə salmaq məqsədilə 65 min kubmetr həcmdə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri də görülür.
Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri də aparılacaq. Yol əsasının alt layının tikintisi 20 santimetr hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 santimetr hündürlükdə optimal qum-çınqıl qarışığı ilə aparılması nəzərdə tutulub. Yol əsasının tikintisi 178 min kvadratmetr sahəni əhatə edəcək.
Bunun ardınca isə yolun asfaltlanması işlərinə başlanacaq. Əlaqələndirici bitum səpilməklə 120 min kvadratmetr sahəyə 12 santimetr qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt- beton örtüyü döşənəcək.
Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd kilometr göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq, 20 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Qeyd olunub ki, yerli əhəmiyyətli Piran–Hamarat–Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.