REGİONLAR
Lerikdə 510 ailəyə bayram sovqatı paylanılıb
Lerik, 22 avqust, Bağır Əliyev, AZƏRTAC
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı ölkəmizin bütün regionlarında olduğu kimi, Lerikdə də yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzi meydanında keçirilən tədbirdə idarə, təşkilat və müəssisələrin rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bayramla əlaqədar ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini vurğulayan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonda keçirilən mərasimlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da firavan yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin xatirəsinin ehtiramla yad olunduğunu diqqətə çatdırıb.
Sonra qurbanlar kəsilərək rayonda yaşayan şəhid ailələri, Qarabağ və Böyük Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələr də daxil olmaqla ümumilikdə 510 ailəyə bayram sovqatı verilib.