REGİONLAR


Lerikdə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Lerik, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 12-də Lerik şəhərindəki Heydər Əliyev Meydanında Ulu Öndərin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarda çalışanlar, ictimaiyyət nümayəndələri Ümummilli Liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Anım tədbiri Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfransla davam etdirilib.

Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlara, “Öndərin yolu” adlı qısametrajlı sənədli filmə baxıblar.

Sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam oyandı. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, həmçinin siyasi, iqtisadi və hüquqi sahələrdə islahatlara başlanıldı, ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.

Bildirilib ki, azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən Ulu Öndərin əbədiyyətə qovuşmasından 16 il ötsə də, onun ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibə və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir.

Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, rayon prokuroru Bəhruz İbrahimov “Ulu öndər Heydər Əliyev hüquqi islahatların müəllifidir”, Rayon Təhsil Şöbəsinin əməkdaşı Hüseynbala Əliyev “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında çıxış ediblər.

Həmin gün Lerik şəhərində rayon icra hakimiyyəti tərəfindən ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.