REGİONLAR


Lerikdə Vətən müharibəsi şəhidi Ruhid İslamlının xatirəsinə bulaq istifadəyə verilib

Lerik, 7 iyun, Bağır Əliyev, AZƏRTAC

Lerik rayonunun Çeşman kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Ruhid İslamlının adına çəkilmiş bulaq istifadəyə verilib.

Bu münasibətlə keçirilən açılış mərasimində rayonun rəhbər işçiləri, ziyalılar, şəhidin doğmaları, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Ruhid İslamlının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Qeyd olunub ki, şəhid Ruhid İslamlı 1 aprel 1999-cu il tarixində Lerik rayonunun Çeşman kəndində anadan olub. 2016-cı ildən Naxçıvan Müəllimlər İnstitutunun təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil alan R.İslamlı 2020-ci ildə ali təhsilini başa vuraraq, həmin ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb.

O, 44 günlük Vətən müharibənin birinci günündə ərizə yazaraq, ön cəbhəyə təyinat alıb. Xüsusi rabitəçi olan R.İslamlı kəşfiyyat əməliyyatlarına qatılmaqla yanaşı, açıq döyüşlərdə fərqlənib.

Cəsur döyüşçü Talış kəndinin azad edilməsində, Murov zirvəsində gedən döyüşlərdə fərqlənib. O, 6 oktyabr 2020-ci il tarixində Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, güclü strateji əhəmiyyətə malik “Çənlibel” postunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

R.İslamlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.