REGİONLAR
Lerikdə arıçılıqla məşğul olan fermerlər üçün təlim təşkil edilib
Bakı, 2 iyul, AZƏRTAC
Lerik rayonunda arıçılıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlim Lerik rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev tərəfindən aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlim Lerik rayonunun Hramo kəndində Xanmədov Yaqub Əyyub oğlunun 130 arı ailəsi saxlanılan təsərrüfatında keçirilib. Arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib.
Təlim zamanı arıçılara Avropa çürüməsi xəstəliyinin başvermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri barədə söhbətlər edilib. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.
Həmçinin təlimdə iştirak edən arıçı fermerlərə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.
Sonda arıçıları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.