REGİONLAR
Lerikdə ədliyyə sahəsində maarifləndirici seminar-müşavirə keçirilib
Lerik, 20 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 19-da Lənkəran Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə Lerik şəhərində bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədilə seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, bələdiyyə üzvlərinin və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi Əvəz Bədəlov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verib, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin, onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Seminar-müşavirədə “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” mövzusunda məruzələr dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.