CƏMİYYƏT
Lerikdə əmisi oğlunun avtomobilini oğurlayan şəxs yaxalanıb VİDEO
Bakı, 29 iyul, AZƏRTAC
Lerik rayonunda nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakini Ramin Şahiyev mülkiyyətində olan 43-BB-745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilin naməlum şəxs tərəfindən evinin həyətindən oğurlandığı barədə Lerik Rayon Polis Şöbəsinə məlumat verib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin avtomobil sahibinin əmisi oğlu, əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyənləşdirilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə paytaxtın Qaradağ rayonunda saxlanılıb.
Saxlanılan şəxs oğurladığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.