İDMAN
Lerikdə futbol üzrə rayon birinciliyi keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Lerik Rayon Gənclər və İdman İdarəsinin 2019-cu il üçün təqvim planına əsasən, bələdiyyələrin və müəssisələrin əməkdaşlarından ibarət komandalar arasında futbol üzrə rayon birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar idarədə təşkilat komitəsi yaradılıb və oyunların idarə olunması üçün hakimlər kollegiyası təşkil edilib. Püşkatmanın nəticələrinə görə 14 bələdiyyə və müəssisə komandası dörd qrupda mübarizə aparıb.
Turnirin yekununda ilk üç yeri Çayrud bələdiyyəsinin “Çayrud”, Blaband bələdiyyəsinin “Ambu” və Lerik şəhərinin “Ambu” komandaları tutublar.
Qalib komandalara rayon gənclər və idman idarəsinin kubokları və diplomları təqdim olunub. Bundan başqa, birinciliyin ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və ən məhsuldar hücumçusu da diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.