CƏMİYYƏT
Lerikdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər müzakirə edilib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 1-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev və Lerik rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Natiqlər məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.