REGİONLAR
Lerikdə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı müzakirələr aparılıb
Lerik, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunun Vizəzəmin kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı, Vizəzəmin və Mondigah kənd məscidi dini icmasının sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışaraq, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu bildirib.
Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Mondigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev və başqaları çıxışlarında milli-mənəvi dəyərlərimizin və İslam həmrəyliyinin təbliğ edilməsi ilə bağlı təkliflərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.