REGİONLAR
Lerikdə ordudan yeni tərxis olunmuş gənclərlə görüş keçirilib
Lerik, 20 iyul, Bağır Əliyev, AZƏRTAC
Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından yeni tərxis olunmuş gənclərin bir qrupu ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev hərbi xidmətdən tərxis olunmuş gəncləri xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, çağırışçı-gənclərin həqiqi hərbi xidmətə yola salınması və hərbi xidmətdən tərxis olunmuş gənclərin qarşılanması mərasimlərinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi rayonda artıq ənənə halını alıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, düşmənin təxribatçı əməllərinin qarşısının alınması və onlara sarsıdıcı zərbənin endirilməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaradıb. Hərb tariximizə qızıl hərflərlə yazılmış aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi üçün mövcud təhlükə aradan qaldırıldı.
Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq, həmin kənddə tikinti-bərpa və abadlıq-quruculuq işləri, zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Artıq kənd sakinlərinin doğma yurdlarına qayıdışının birinci mərhələsi başa çatıb. Bu, işğal edilmiş ərazilərdən olan məcburi köçkünlərin böyük qayıdışının başlanğıcıdır. Azərbaycan xalqı əmindir ki, dövlətimizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək, digər məcburi köçkünlər də öz doğma yurdlarına qayıdacaqlar.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev, aprel döyüşlərinin iştirakçısı Sadiq Nəsirov, hərbi xidmətdən yeni tərxis olunmuş Rəsul Rzayev, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədr müavini Elxan Qənbərov, Qarabağ müharibəsi iştirakçısı Cəlal Məmiyev, “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı gəncləri hərbi xidməti uğurla başa vurduqlarına görə təbrik edərək, onların şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Silahlı Qüvvələrimizin rolundan və hərbi qüdrətindən danışıblar.
Daha sonra “Gənc Heydərçilər”in ifasında Vətənə, Milli Ordumuza həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin sonunda ordu sıralarından tərxis olunmuş gənclərə hədiyyələr verilib.