REGİONLAR
Lerikdə vaksinasiya tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
Lerik, 4 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 4-də Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə koronavirus infeksiyasına qarşı vaksinasiya tədbirlərinə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə vaksinasiya prosesinin gedişindən danışılıb, fevralın 8-dən növbəti mərhələyə başlanılacağı, digər əhali qruplarının da peyvənd olunacağı bildirilib.
Qeyd olunub ki, müxtəlif yaş qruplarının növbəliyi nəzərə alınmaqla, peyvənd olunmaq istəyən şəxslər randevu.its.gov.az internet saytı vasitəsilə onlayn növbə götürməlidir. Bununla əlaqədar ərazilərdə əhali qrupları arasında geniş maarifləndirmə işi aparılmalı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “COVID peyvəndi üçün randevu götürülməsi təlimatı” bütün ərazi nümayəndələrinə çatdırılmalı, internetə çıxışı olmayan insanlara kömək göstərilməsi üçün zəruri tədbirlər görülməlidir.
Müşavirədə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən kütləvi vaksinasiya ilə bağlı yerlərdə əhali arasında düzgün izahat işlərinin aparılması, əhali kateqoriyalarının daha diqqətlə öyrənilməsi və rayon ərazisində yaşayan tənha şəxslərin müəyyənləşdirilərək bu kampaniyaya cəlb edilməsinə hərtərəfli köməklik göstərilməsi ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.