REGİONLAR
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərin sayı ildən-ilə artır
Lerik, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 9-da Lerik Rayon İcra Hakimiyyətində bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri təbrik edib. Bildirib ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artması çox sevindirici haldır.
Qeyd olunub ki, dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar ötən ilin mart ayından ölkəmizdə əyani tədris prosesinin dayandırılması və onlayn təhsil sisteminin tətbiqi həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yaratsa da, lerikli məzunların ali məktəblərə imtahanlar zamanı qazandığı nailiyyətlər ürəkaçandır.
Görüşdə Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin məzunu, 651 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Eltun Bəbirzadə, Veri kənd tam orta məktəbinin məzunu, 521 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Aydan Məhərrəmova və valideynlər adından Faiq Məhərrəmov gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə ölkəmizin ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş tələbə-məzunlara hədiyyələr verilib.