REGİONLAR
Lerikin Piran kəndində şəhid Vidadi Cabbarovun barelyefi və bulaq kompleksi açılıb
Lerik, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunun Piran kəndində Vətən müharibəsinin şəhidi, gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun barelyefinin və onun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra Piran kənd tam orta məktəbində Vidadi Cabbarovun barelyefinin və onun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Lerikdən olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Diqqətə çatdırılıb ki, Birinci Qarabağ və Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.
Şəhidin atası Cəbrayıl Cabbarov ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mərasimdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.
Qeyd edək ki, Vidadi Cəbrayıl oğlu Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. İgid döyüşçü Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış gizir Cabbarov Vidadi Cəbrayıl oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.