REGİONLAR
Lerikin Rvarud kəndində “Şəhidlər” abidə kompleksi açılıb
Lerik, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 15-də Lerikin Rvarud kəndində Qarabağ və İkinci Dünya müharibəsində şəhid olan rayon sakinlərinin xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş “Şəhidlər” abidə kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, məktəblilər, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Lerikin ucqar dağ kəndi olan Rvaruddan Qarabağ savaşında onlarla igid döyüşçü iştirak edib, onlardan 3 nəfəri – Səxavət Hacıyev, Etiqad Hacıyev və Mübariz Həsənov şəhidlik zirvəsinə ucalıb.
Mərasimdə kənd ağsaqqalı Məzahir Ağazadə, şairlər Ağacəfər Həsənli, Tofiq Nurəli və İbadi Öməroğlu, “Qobustan” jurnalının baş redaktor müavini Maarif Soltan və başqaları çıxışlarında şəhidlərimizin xalqın qəlbində əbədi yaşayacaqlarını bildiriblər.
Şair Ağacəfər Həsənli şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının əziz xatirəsinə həsr etdiyi “Ziyarət yeri”, Rvarud kənd tam orta məktəbinin şagirdi Nərmin Abbasova kəndin mərhum ziyalısı Aydın Bəhmənovun qələmə aldığı “Sağdı Səxavət” şerini söyləyiblər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların və İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılması qürurvericidir.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin sovetlər birliyinin rəhbərliyindən məhz mənfur düşmənlərimizin hiyləsi və əli ilə uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ ətrafında başlanan münaqişə nəticəsində minlərlə Vətən oğlunun şəhid düşdüyünü vurğulayan R.Bağırov bu müharibədə Lerik rayonundan 130-dan çox şəhidin və 5 Milli Qəhrəmanın olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, məhz Ulu Öndər Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın itirilməsinin, gənclərimizin şəhid olmasının qarşısı alındı, 1994-cü ilin may ayında Bişkekdə atəşkəs haqqında saziş imzalandı, nizami ordu quruculuğuna başlanıldı.
Ölkəmizdə şəhid ailələrində göstərilən diqqət və qayğıdan danışan icra hakimiyyətinin başçısı abidə-kompleksinin ərsəyə gəlməsində əməyi olan insanlara minnətdarlığını ifadə edərək bildirib ki, ziyarət yeri olacaq bu məkan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.
Şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyev ölkəmizdə şəhid ailələrinin daim qayğı ilə əhatə olunduğunu vurğulayaraq, göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Açılış mərasimindən sonra kənddə şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.