REGİONLAR
Lerikin Züvüc kəndində şəhid Şahin Tahirlinin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub
Lerik, 9 iyul, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunun Züvüc kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Tahirli Şahin Afat oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhid Şahin Tahirlinin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lerikli döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Qeyd olunub ki, Birinci Qarabağ və Vətən müharibəsində Lerik rayonundan olan döyüşçülər də hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçular arasında leriklilərin də adları var.
Şəhid Şahin Tahirli Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi Arif Həsənov, Züvüc kənd tam orta məktəbin müəllimi, şəhidin sinif rəhbəri Vaqif Şahmarov, şəhidin qardaşı Bilal Ağayev, kənd ağsaqqalı Əlirza Abışov çıxış ediblər.
Şəhidin atası Afat Tahirli ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib.
Sonra şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksin açılışı olub.
Tədbirdə məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa olunub.