REGİONLAR
Lerikli gənclər Hərbi Qənimətlər Parkında olublar
Lerik, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC
27 sentyabr - Anım Günü ərəfəsində Lerik Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin bir qrupu Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov gənclərə Hərbi Qənimətlər Parkında nümayiş etdirilən silah və sursatlar, 44 günlük Vətən müharibəsində düşmənin canlı və hərbi qüvvəsinin verdiyi itkilər, müzəffər Azərbaycan Ordusunun göstərdiyi igidlik və qəhrəmanlıqlar barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.