REGİONLAR
Leriklilər Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər
Lerik, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı soyqırımı qurbanlarının xatirəsi Lerik rayonunda da dərin hüznlə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 26-da Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri pandemiya ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq məsafə saxlamaqla “Şəhidlər” abidə kompleksinin önünə əklillər və gül dəstələri düzüblər.
Anım tədbiri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfransla davam edib.
Videokonfransda qeyd olunub ki, Xocalı faciəsi bəşər tarixində analoqu olmayan soyqırımıdır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən qanlı gecədə azğınlaşmış ermənilər keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə dörd istiqamətdən hücum edərək dəhşətli terror aktı törətdilər. Cəmi 5 saat ərzində qədim Xocalı yer üzündən silinərək, əhalisi dəhşətli soyqırımına məruz qaldı. Həmin qanlı gecədə Xocalı sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 487 nəfər ömürlük şikəst oldu, 8 ailə bütövlüklə məhv edildi, 25 uşaq hər iki valideynini, 135 uşaq isə valideynlərindən birini itirdi.
Diqqətə çatdırılıb ki, ötən il sentyabrın 27-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmən qüvvələrinin məhv edilərək ağır məğlubiyyətə uğradılması böyük tarixi həqiqətin bərpa edilməsi, həm də Xocalı faciəsi və zaman-zaman vəhşi düşmən tərəfindən törədilən digər qətliamların qisasının alınması ilə yaddaşlarda qalacaq.