İDMAN
Lətifi “Williams” ilə kontraktın imzalanmasını şərh edib
Bakı, 28 noyabr, AZƏRTAC
Kanadalı yürüşçü Nikolas Lətifi “Williams” komandası ilə 2020-ci il mövsümü üçün kontraktın rəsmən elan edilməsini şərh edib.
AZƏRTAC xəbər verir ki, Formula 1 üzrə 2019-cu il mövsümündə komandanın ehtiyat yürüşçüsü qismində çıxış edən Lətifi gələn il Robert Kubitsanın yerinə Corc Rasselin tərəfdaşı olacaq. “Williams” komandasının mətbuat xidməti pilotun şərhini yayıb: “2020-ci il mövsümündə mükafat uğrunda mübarizə aparacaq pilot olacağımdan çox şadam. Bu il komanda ilə işləmək çox xoşuma gəldi, mən maşınların hazırlanmasına kömək etdim, onları həm avtodromda, həm də bazada dəstəklədim. Bu səyahəti komanda ilə birlikdə davam etdirmək imkanını səbirsizliklə gözləyirəm. Artıq 2020-ci ildə Avstraliya Qran-Prisində debütümə hazırlaşıram”.
Nikolas 2019-cu ildə Formula 2 yürüşlərində iştirak edir. Mövsümün başa çatmasına bir mərhələ qalmış kanadalı artıq titul qazanmaq şansını itirib, amma şəxsi hesabda ikinci yerdədir. Lətifi əvvəllər Formula-Renault və Formula 3 Avropa yürüşlərində iştirak edib.