CƏMİYYƏT


Leykemiya xəstələri üçün "Qan ver! Ürəklər döyünsün!" devizi altında könüllü qanvermə aksiyası keçirilib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin, Mərkəzi Qan Bankının təşkilatçılığı və Park Bulvarın dəstəyi ilə “Qan ver! Ürəklər döyünsün!” devizi altında könüllü qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunub.

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırovanın verdiyi məlumata görə, leykemiya qanyaradıcı sistemin xərçəng xəstəliyidir. Uşaqlarda və yeniyetmələrdə ən çox rast gəlinən xərçəng növü sayılır. Leykemiya yetişməmiş qan hüceyrələrinin həddindən artıq çoxalması nəticəsində əmələ gəlir. Onun yaratdığı fəsadlar müalicə edilmədikdə qısa vaxtda ölümlə nəticələnə bilər. Ona görə də ilk dəfə keçirilən aksiyanın məqsədi qan xərçəngindən əziyyət çəkənlərə dayaq durmaq, donor kimi xəstəlikdən əziyyət çəkən hər bir körpənin, hər bir uşağın həyata qayıtmasına yardım etmək və mənəvi rahatlıq tapmaqdır. Üstəlik biz bununla cəmiyyətin, hər kəsin diqqətini bu problemə cəlb etmək istəyirik.

Aksiyada iştirak edənlərə məlumat verilib ki, qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, xolesterinin miqdarının azalmasına, baş ağrıları, yüksək təzyiq, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Bundan başqa qan verən zaman ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür.

İctimai Birliyinin sədrinin verdiyi məlumata görə, təşkilatda 252 uşaq qeydiyyatdadır və onlardan 80-nin köməyə ehtiyacı var. Son altı il ərzində ümumilikdə 120-dən çox uşağa kömək göstərilib və onlardan 50-si ölkəmizdə uğurla müalicə olunub. Hazırda remissiyada olanlar da var. Aksiya axşam saatlarınadək davam edib və 18 yaşından 65 yaşınadək olan 60-dan çox könüllü leykemiya xəstələrinin müalicəsi üçün könüllü olaraq qan verib.

Gün ərzində toplanan qan əsasən qan xərçəngi ilə mübarizə aparan uşaqların müalicəsinə sərf olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.