CƏMİYYƏT
Leykemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə debat turnir təşkil edilib
Bakı, 19 may, AZƏRTAC
“Leykemiya ilə Mübarizə İctimai Birliyi”nə dəstək məqsədilə “FIRST Group”un təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, "DAVAM” Gənclər Hərəkatının əməkdaşlığı və “Dərs Evi” Tədris Mərkəzinin ev sahibliyi ilə “Ağa qarşı Qırmızı” miks debat turniri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, turnirin məqsədi leykemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq, burada sadəcə maddiyyatın deyil, eyni zamanda, maarifləndirmə və motivasiyanın da önəmli olduğunu cəmiyyətə çatdırmaqdır.
Debat turnirin ilk günündə 10 komanda yarışıb və qalib “Bermuda” komandası olub.
Turnirin bağlanış mərasimində “Leykemiya ilə Mübarizə İctimai Birliyi”nin sədri Mehriban Bağırova, həkim-hematoloq Nailə Babayeva, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, “DAVAM” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzinin sədri Aygün Dəniz Hüseynova, həmçinin qan xərçənginə qalib gələn Xədicə Qasımzadə, xərçəng xəstəliyindən dünyasını dəyişən Gülnurə Hüseynlinin valideyni Sevinc Aslanova, “FİRST GROUP”un təsisçiləri və turnirin təşkilatçıları Sübhan Tağıyev və Ağarəhim Şavruqzadə çıxış ediblər.
Çıxışlardan sonra Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicəsi davam edən uşaqlarla canlı bağlantı qurularaq onlarla söhbət edilib.
Sonra qalib və mükafatçılar təltif olunublar.