SİYASƏT


Leyla Abdullayeva: Beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən deyib.

“Ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar tərəfimizdən diqqətlə toplanmış və sənədləşdirilmişdir. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-in müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə Leyla Abdullayeva vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.