SİYASƏT


Leyla Abdullayeva: Məhz cəzasızlıq səbəbindən Los-Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük

Bakı, 26 aprel, AZƏRTAC

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsi səhnəsinə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Bu, kifayət qədər ciddi məsələdir. Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik.

Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyulunda yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər. Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı. Bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdən qarşı tərəfə rəsmi narazılıq bildirilib. Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən Los-Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.