SİYASƏT
Leyla Əliyeva: Bakı Forumu qarşılılıqlı anlaşmanın və əməkdaşlığın təşviqində mühüm rol oynayacaq VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Forumu qarşılılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində keçirilən Gənclər Forumunda çıxışında səsləndirib.
Zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını qeyd edən Leyla Əliyeva Forum iştirakçısı olan gənclərə müraciətlə deyib: “Azərbaycan tarixi İpək Yolu üzərində yerləşən vacib məkanlardan biridir. Bu, bizim mədəniyyətimizə güclü təsir göstərib və ölkəmizi tolerant, yeni ideyalara açıq, dialoqa meyilli məkana çevirib. Azərbaycan bununla yanaşı, zəngin biomüxtəlifliyə malik olan bir ölkədir. Biz Azərbaycanı zəngin tarixinə, biomüxtəlifliyinə və mədəni müxtəlifliyinə görə sevirik. Əminəm ki, siz də Azərbaycanda olduğunuz zaman ölkəmizi sevəcəksiniz”.
Leyla Əliyeva diqqətə çatdırıb ki, mədəni identikliyin bir hissəsi olan qida mədəniyyətlərarası əlaqələrin, tolerantlığın və qarşılıqlı anlaşmanın vacib şərtlərindən biridir. Buna görə də uzunmüddətli sabitliyə və sülhə nail olmaq üçün ərzaq təhlükəsizliyinin həlli çox mühüm əhəmiyyət daşıyır. Odur ki, FAO və UNAC sıx əlaqədə çalışaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq miqyasda bu məsələni daha da qabartmalıdır.