CƏMİYYƏT
“Leyla Medical Center” daha bir aztəminatlı ailəyə dəstək olub
Bakı, 24 aprel, AZƏRTAC
Ölkə ərazisində xüsusi karantin rejimi elan olunan ilk gündən vətəndaşların sağlamlığının və sosial rifah halının qorunması məqsədilə bir sıra tibbi və sosial layihələr həyata keçirilir. Ehtiyacı olan aztəminatlı ailələrə dəstək olunub, evlərini tərk edə bilməyən və 65 yaşdan yuxarı insanlar üçün evlərində tibbi dəstək göstərilib. Bu layihələr arasında xüsusilə diqqətçəkən isə “Leyla Medical Center”in imkansız ailələr və yaşlı insanlar üçün təşkil etdiyi “Evinizdə müayinə” xidmətidir.
AZƏRTAC xəbər verir ki, layihə müddətində mərkəzin həkim və tibb bacıları tərəfindən xüsusi diqqətə və həkim müayinələrinə ehtiyacı olan, lakin evlərini tərk edə bilməyən imkansız ailələrə evlərində bütün lazımi xidmətlər göstərilməkdədir.
“Siz evdə qalın, biz sizə gələrik” şüarı ilə başlayan bu layihə çərçivəsində bütün tibbi xidmətlərin - həkim qəbullarının və laborator müayinələrin evdə aparılması mümkündür.
Qeyd edək ki, aztəminatlı ailələrə ödənişsiz xidmət göstərmək “Leyla Medical Center”in sosial prioritetlərindəndir. Daha öncə də “Leyla Medical Center” müxtəlif xeyriyyə kampaniyaları çərçivəsində 100-dən çox ailəyə yardım məqsədilə ərzaq qutuları göndərib.
Bu dəfə “Evinizdə müayinə” xidməti daxilində dəstək alan ailələrdən biri də İsmayıllılar ailəsi olub. Ailənin bütün nümayəndələri “Leyla Medical Center”in Təcili Tibbi Yardım maşını ilə evlərinə gələn daxili xəstəliklər uzmanı, Türkiyənin “Gülhane Eğitim ve Araştırma Hastanesi”nin məzunu Həbib Sahratov və tibb üzrə fəlsəfə doktoru, pediatr Lalə Hüseynova tərəfindən tam müayinə olunub, ehtiyacı olan bütün laborator müayinələr xüsusi şəraitə uyğun olaraq evdə götürülüb və klinikaya yönləndirilib. Pasiyentlərin mütəmadi müayinələri də mərkəzin həkimləri tərəfindən aparılacaq.