REGİONLAR
Leyla Məmmədova: Belə festivallar keçirməklə ixracyönlü sahələrin inkişafına daha çox diqqət çəkmiş oluruq
Zaqatala, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatalada keçiriləcək II Beynəlxalq fındıq, qoz və şabalıd festivalına həm yerli, həm də xarici aqroturistlər tərəfindən də böyük maraq var. Bu festival Zaqatala rayonunda kənd təsərrüfatı turizminin tanıdılması baxımından da böyük əhəmiyyətə malikdir. Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” aqroturizm layihəsi çərçivəsində Zaqatalada keçiriləcək festivalda 50 nəfərədək aqroturistin iştirak edəcəyi gözlənilir. Onlara üç gün davam edəcək festivalın proqramı barədə əvvəlcədən ətraflı məlumat verilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Zaqatalada festivala hazırlıqla bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Belə festivalların keçirilməsinin kənd təsərrüfatı sahəsi üçün çox önəmli olduğunu vurğulayan ASC-nin rəhbəri deyib: “Fındıq ölkəmiz üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarından biri hesab olunur. Hazırda Azərbaycan fındıq ixracına görə dünyada üçüncü ölkədir. Belə festivallar keçirməklə biz, ixracyönlü sahələrin inkişafına daha çox diqqət çəkmiş oluruq. Beynəlxalq fındıq, qoz və şabalıd festivalının keçirilməsində əsas məqsəd Zaqatala rayonunun turizm potensialı ilə yanaşı, aqroturizm potensialını da inkişaf etdirmək, gələn qonaqlara həm fındıqçılıq sahəsini, həm də rayonun gözəlliyini təqdim etməkdən ibarətdir. İnanırıq ki, festival daimi olacaq, bu bayramda iştirak etmək istəyən xarici və yerli qonaqların sayı ilbəil artacaq”.