ELM VƏ TƏHSİL


“Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” kitabı çapdan çıxıb

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” monoqrafiyası “AFPoliqrAF” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab son xalkolit (son mis-daş) dövründə - eramızdan əvvəl IV minilliyin birinci yarısında Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatının tədqiqinə həsr olunub.

Anar Ağalarzadənin tədqiqatına Azərbaycan ərazisində Leylatəpə, Adsıztəpə, Abdal-Əziztəpə, Şomulutəpə, Çinartəpə, Böyük Kəsik, Selaxan, Poylu, Ağılı Dərə və digər yaşayış yerləri və Soyuqbulaq kurqanları kimi abidələrin elmi araşdırılması zamanı aşkar edilən geniş keramika materialı cəlb edilib, keramikanın müxtəlif xüsusiyyətlər üzrə təhlili və təsnifatı aparılıb. Tədqiqat əsərində Leylatəpə mədəniyyətinin keramikası Ön Asiya-Qafqaz kontekstində araşdırılıb. Leylatəpə mədəniyyətinə aid keramika məmulatının tədqiqi Cənubi Qafqazın qədim dövr sakinlərinin maddi və mənəvi mədəniyyətinin izlənilməsinə imkan verir.

Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru Nəcəf Müseyibli, elmi rəyçiləri isə professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Namiq Əliyevdir.

Kitab xalkolit dövrü üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.