MƏDƏNİYYƏT
“Leyli və Məcnun” müzikli Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 25-26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səda Tədris Teatrında tələbələrin ifasında Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış müzikl layihəsi təqdim olunacaq.
Hip-hop, muğam, meyxana və rep janrlarını özündə birləşdirən, müasir şəkildə hazırlanan “Leyli və Məcnun” müziklinin məşq prosesləri 2 aydan artıq davam edib. Tələbələr üçün böyük sınaq olan bu tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, musiqi tərtibatçısı və bəstəkarı MC Murad kimi tanınan Murad Quliyevdir.
Gənc rejissor İradə Gözəlova AZƏRTAC-a bildirib ki, gənc aktyorlar, tələbələr onu müəllif kimi məyus etməyiblər. İlk vaxtlar gərginlik və çətinlik olsa da, kollektiv bütün bunların öhdəsindən gələ bilib. İ.Gözəlova gənclərlə işləməyin özünə də maraqlı təcrübə olduğunu qeyd edib.
Tamaşada Leyli obrazını IV kurs tələbəsi Aynurə Ədilova, Məcnunu isə III kurs tələbəsi Əkbər Kərimli canlandıracaq.