MƏDƏNİYYƏT
Leyn Devis: 20 Yanvar faciəsi mənə məlumdur

Bakı, 29 noyabr, Nigar Hacıyeva, AZƏRTAC
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan tamaşaçıları arasında “Santa-Barbara” teleserialındakı Meyson Kepvell rolu ilə sevilən populyar amerikalı aktyor Leyn Devis deyib. VMF şirkətinin Bakıda yeni salonunun açılışında iştirak edən aktyor bildirib ki, artıq ikinci dəfədir Azərbaycana gəlir. O deyib: “Çox şadam ki, gözəl Bakı şəhərində olmaq xoşbəxtliyi mənə yenidən nəsib olub. Şəhərinizi və qonaqpərvər Azərbaycan xalqını çox sevirəm”.
Azərbaycan mədəniyyətinə yaxşı bələd olduğunu bildirən aktyor vurğulayıb: “İstərdim, ölkəmdə mümkün qədər çox adam Azərbaycanı tanısın”. L.Devis onu da bildirib ki, Azərbaycanda törədilən faciələrdən, o cümlədən 20 Yanvar faciəsindən xəbəri var. Hazırda qanlı 20 Yanvar hadisələri barədə film çəkilir. Filmə Türkiyə, İran, Rusiya və ABŞ-dan aktyorlar cəlb olunub.