REGİONLAR
Leysan yağışları Ağsuçay və Girdimançayda bir sıra yaşayış məntəqələri üçün təhlükə yaradır
Ağsu, 12 iyun, AZƏRTAC
2000-2003-cü illərdən aktivləşən sürüşmə prosesləri Ağsu rayonunda Gürcüvan, Sanqalan, Kalva, Dilman, Suraxanı, Qırlar kəndlərini və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrində (Ağsu dolayları) bəzi yerləri əhatə edir. Sürüşmə bu kəndlərdə, ümumilikdə, 222-yə yaxın fərdi yaşayış evinə, avtomobil yolunun Ağsu dolayları adlanan ərazisinin müəyyən hissəsinə ziyan vurub. Leysan yağışları rayon ərazisindən keçən Ağsuçay və Girdimançayda da bir sıra yaşayış məntəqələri üçün təhlükə yaradır. Aparılan monitorinqlər zamanı müəyyən edilib ki, Ağsu çayının keçdiyi Ağsu şəhəri (20 Yanvar və N.Tağızadə küçələri), Maşadqanlı və Curuğlu kəndləri, Girdimançayın keçdiyi ərazidə isə Padar və Qasımbəyli kəndləri ən təhlükəli zonalardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin iyunun 12-də Ağsuda keçirildiyi “dəyirmi masa”da danışılıb.
Rayon icra hakimiyyətinin, əlaqədar qurumların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri tədbirdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb olunması, baş vermiş və baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması zamanı qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında, icra hakimiyyəti başçısının müavini, fövqəladə hallar komissiyasının sədri İqbal Mikayılovun hesabat məruzəsində baş verən təbii hadisələrlə mübarizə və onların nəticələrinin aradan qaldırılmasından, baş verə biləcək hadisələrə qarşı görülən işlərdən söz açılıb. Bildirilib ki, sürüşmə zonası və yanğın təhlükəsi olan Ağsu dolaylarında hazırda tərtib olunan qrafik əsasında səhər saat 9-dan 19-dək növbə çəkilir. Əhali arasında ardıcıl olaraq maarifləndirmə işləri aparılır.
Tədbirdə FHN Baş Əməliyyat İdarəsinin Qarşılıqlı fəaliyyətin təşkili şöbəsinin baş zabiti Namiq Abdullayev, nazirliyin Şimal-Qərb Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin rəisi kapitan Tural Ağayev, mərkəzin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi mayor Eldəniz Mehdiyev, Ağsu Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik–leytenant Mahir Kərimov mövzu ilə bağlı çıxış ediblər.
Şimal-Qərb Regional Mərkəzinin Fövqəladə halların monitorinqi və texniki təhlükəsizlik işinin təşkili sektorunun müdiri Aqşin İbrahimli slaydlarla rayon ərazisində sürüşmə sahələrində, sel təhlükəli çaylarda içməli su mənbələrində, yüksəktəzyiqli magistral qaz kəmərinin və elektrik xətlərinin marşrutları üzrə aparılan monitorinqlərin nəticələri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, təbii fəlakət zamanı dəyən zərərin aradan qaldırılması, yolların bərpası, bəndlərin çəkilməsi ilə əlaqədar dövlət tərəfindən ardıcıl tədbirlər görülür.
“Dəyirmi masa”da fövqəladə hallar üçün zəruri olan zirzəmilərin, mühafizə qurğularının saxlanma vəziyyəti də geniş müzakirə olunub.