CƏMİYYƏT
Liderlik Məktəbinin yeni tədris ilinin açılış mərasimi olub
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində 16-cı tədris ilinin açılış mərasimi keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, bu məktəbə cəlb olunmuş yeni üzvlər, habelə əvvəlki buraxılışların məzunları, ümumən 100-dən artıq uşaq, həmçinin valideyn və müəllimlər iştirak ediblər.
Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev müstəqilliyin bərpasından sonra Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində atılan addımlardan danışıb, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının qorunması, təhsil, səhiyyə, sosial və mədəni sahələrdə, milli mənəvi dəyərlərimizin qorunmasında böyük uğurların əldə edildiyini bildirib.
F.Ağayev müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üzləşdiyini, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin inkişaf etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü, eyni zamanda, Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə məlumat verən F.Ağayev uşaqlar üçün ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığını, 16 ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğunu bildirib.
Qeyd olunub ki, Bakının müxtəlif rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbində uşaqlar “Azərbaycan – yurdum mənim!” devizi ilə ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələri barədə biliklərə yiyələnirlər.
Sonda ötən ilin məzunlarına sertifikatlar təqdim edilib.