CƏMİYYƏT


Liderlik məktəbi yeni tədris ilinə start verib

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on doqquzuncu tədris ilinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də təşkil olunan tədbirdə Ombudsman Aparıtının rəhbəri Elmira Süleymanova, BMT-nin Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndələyinin rəhbəri Edvard Karvardin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də adı çəkilən məktəbə cəlb olunmuş yeni üzvlər, əvvəlki buraxılışların məzunları, müəllimlər və valideynlər iştirak ediblər.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində atılan addımlardan danışıb, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının qorunması, təhsil, səhiyyə, sosial və mədəni sahələrdə, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük uğurların əldə edildiyini bildirib. Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyü, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyi vurğulanıb.

Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü və onların arasında uşaqlarında olduğunu qeyd edən Ombudsman münaqişə nəticəsində çoxlu sayda uşaqların həyatının itirdiyini xatırladıb. E.Süleymanova diqqətə çatdırıb ki, Zəhra, Fariz, Mübariz kimi həyatına son qoyulan körpələrimizin qanı yerdə qalmayacaq.

UNİSEF-in yaranma tarixindən və fəaliyyətindən ətraflı danışan müvəkkil uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verib, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, artıq iyirmi ilə yaxındır ki, müntəzəm fəaliyyət göstərən Liderlik məktəbinin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Tədbirdə deyilib ki, Liderlik məktəbi uşaqların iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarının öyrənməsinə və təlimçilər, trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.

Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik məktəbini bu günədək 1500-dən artıq məzunun bitirdiyi, ölkəmizin tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən uşaqlara ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək öyrədildiyi qeyd olunub. Bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox bilik əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirilib.

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin uşaqları çox sevdiyini, onları gələcəkdə layiqli vətəndaş, savadlı, bilikli insan, lider kimi görmək istədiyini deyib. Çıxışında “Liderlik nə deməkdir?” sualı ilə məktəbin məzunlarına müraciət edən və onlardan müxtəlif cavablar alan BMT-nin təmsilçisi məmnun qalıb. Təsdiqləyib ki, lider elmli, bilikli olmaq, başqalarından fərqlənmək, yeni kəşflər etmək, gözəl və səlis danışmaq, insanları ardınca aparmağı bacaran deməkdir.

E.Karvardin Azərbaycanda uşaq və gənclər siyasətindən danışaraq bildirib ki, güclü dövlətdə hər zaman həssas təbəqəyə diqqət və qayğı göstərilir. “BMT-nin Baş Assambleyası tərəfindən Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 30 il keçir. Bu sənəd dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. 54 maddədən ibarət sənəddə uşaqların hüquqları 4 əsas kateqoriya üzrə müəyyən edilir – yaşamaq, iştirak, müdafiə və inkişaf. Fərəhli haldır ki, Azərbaycanda uşaq hüquqları qorunur, müdafiə olunur və biz bunu böyük uğurlara imza atmış Liderlik məktəbində birləşən uşaqların bilik və intellektual səviyyəsində, fəal, lider vətəndaş kimi yetişməsində görürük”, - deyə nümayəndəliyin rəhbəri vurğulayıb.

11 oktyabr tarixınin dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd edildiyini xatırladan E.Karvardin Liderlik məktəbinin şagirdləri arasında qızların sayınını çox olmasından məmnunluğunu bildirib.

Müvəkkil E.Süleymanova Liderlik məktəbini uğurla başa vuran məktəblilərə sertifikatlar verib. Şəbəkəyə yeni qoşulan uşaqlara yeni dərs ilində nailiyyətlər arzulayıb, biliklərə mükəmməl yiyələnməyi, ahəngdar inkişaf etməyi, Vətənə, xalqımıza sadiq övladlar kimi yetişməyi tövsiyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.