MƏDƏNİYYƏT


Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq

Paris, 6 dekabr, AZƏRTAC

Fransanın Lill şəhərində “Transsiberien” gənclər festivalı dekabrın 12-də azərbaycanlı bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals musiqisinin ifası ilə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda festivalın direktorları məşhur skripkaçı Vadim Repin və tanınmış dirijor Klod Kasadeus məlumat veriblər.

2014-cü ildə Novosibirsk şəhərində skripkaçı Vadim Repin tərəfindən təsis edilmiş “Transsiberien” gənclərdən ibarət orkestrlərin təşviqi məqsədilə yaradılıb. Sonradan ABŞ-da, Yaponiyada, Cənubi Koreyada keçirilmiş festival bu dəfə Fransanın Lill şəhərində keçiriləcək. Məqsədi gənc musiqiçilər arasında körpü qurmaq, görüşlər keçirmək, paylaşmaq və gəncləri təşviq etmək olan festivalda azərbaycanlı bəstəkarın da musiqisi ifa olunacaq.

“Transsiberien” festivalının açılışında Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın səsləndirilməsi təsadüf deyil, səfirliyimizlə əməkdaşlığın bəhrəsidir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə Fransada film çəkilmişdir. Filmdə Xalq artisti, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Film Fransanın bir çox kanallarında dəfələrlə nümayiş olunub və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. “Mezzo” klassik musiqi kanalında film vaxtaşırı yayımlanır ki, bu da azərbaycanlı bəstəkarın musiqisinə olan sevgini əks etdirir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.