İDMAN


“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub

Bakı, 22 avqust, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Linfild” və “Qarabağ” komandaları arasında keçiriləcək qarşılaşma üçün klubların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Belfastdakı “Windsor Park” stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Faysal Rerras, Bədavi Hüseynov, Miçel, Dani Kintana, Qara Qarayev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi “Linfild”in heyətində isə meydana Rohan Ferguson, Kris Kasement, Mark Stafford, Ryan Mcgivern, Metyu Klark, Jamie Mulgrev, Stephen Fallon, Kirk Millar, Bastien Heri, NiallQuinn və Shayne Laveri çıxacaqlar.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra Monteneqro “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb (2:1, 3:2).

“Qarabağ” komandası “Linfild” ilə oyuna itkilərlə çıxacaq. APOEL ilə Bakıda keçirilən oyunda müvafiq olaraq sarı və qırmızı vərəqələr alan mərkəz müdafiəçisi Rahil Məmmədov və yarımmüdafiəçi Riçard Almeyda cəzalı duruma düşüblər.

Qeyd edək ki, görüş “CBC Sport” telekanalı vasitəsilə birbaşa yayımlanacaq.

Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.