MƏDƏNİYYƏT


Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib VİDEO

Lion, 16 yanvar, AZƏRTAC

Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) tərəfindən Lion şəhərində muğam axşamı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin müşaviri Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən (AXC), ötən il onun 100 illiyinin bütün dünyada təntənə ilə qeyd edilməsindən danışıb. Bildirib ki, hələ 100 il əvvəl AXC bir sıra Avropa ölkələrindən çox əvvəl qadınlara seçmək və seçilmək hüququ verib.

Muğam şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsi olduğunu deyən müşavir bildirib ki, bu janr xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətimizin, musiqimizin, xüsusilə də muğamın beynəlxalq səviyyədə təşviqinə, muğam ifaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə verdiyi töhfələri diqqətə çatdırılıb. Vurğulanıb ki, Heydər Əliyev Fondu mədəni irsin qorunub saxlanması istiqamətində beynəlxalq səviyyədə mühüm layihələr həyata keçirib.

Mədəniyyətimizin təşviqinə dövlət qayğısından danışan V. Ağayev Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etdiyini də diqqətə çatdırıb.

Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova konsertin Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edildiyini söyləyib. Muğam və onun dəsgahları haqqında məlumat verən G.Səfərova improvizasiyalardan ibarət olan bu musiqinin çox mürəkkəb olduğunu, ifaçıdan son dərəcə yüksək yaradıcılıq tələb etdiyini bildirib.

Sonra Əməkdar artistlər Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

“İRS” jurnalının Azərbaycan xalq Cümhuriyyətinə həsr olunmuş və fransız dilində nəşr edilmiş xüsusi nömrəsi tədbir iştirakçılarına paylanılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lion

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.