İDMAN
Lionel Messiyə “Barselona”nın məşqçisini işdən çıxarmağı vəd ediblər
Bakı, 10 yanvar, AZƏRTAC
“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu İspaniya çempionatının 18-ci turunun yanvarın 11-nə nəzərdə tutulan matçından sonra Luis Enrikeni komandanın baş məşqçisi vəzifəsindən azad etməyi Lionel Messiyə söz verib. Kataloniyalılar “Nou Kamp” stadionunda keçiriləcək həmin matçda Madridin “ Atletiko” komandası ilə qarşılaşacaqlar.
AZƏRTAC xəbər verir ki, İspaniya KİV-lərinin məlumatına görə, prezident bunu yanvarın 9-da L.Messi ilə şəxsi görüşü zamanı vəd edib. Jurnalistlərə o da məlum olub ki, L.Messi “Barselona”nın baş məşqçisi vəzifəsində hollandiyalı mütəxəssis Frank Raykardı görmək istərdi. Qeyd edək ki, o, məhz F.Raykardın rəhbərliyi ilə 2003-cü ildə Kataloniya klubunun heyətində debüt edib.
Lionel Messi və Luis Enrike arasında münaqişə İspaniya çempionatının San-Sebastyanda keçirilən 17-ci səfər matçından sonra başlayıb. Bu görüşdə kataloniyalılar 0:1 hesabı ilə “Real Sosyedad”a uduzublar. L.Messi ertəsi gün sağlamlığında problem olduğunu bildirərək, açıq məşqə qatılmasa da, həkimlərə müraciət etməyib.
L.Messi bütün karyerası “Barselona” klubu ilə bağlıdır. O, klubun tarixində ən yaxşı bombardir olub. Onun əsas heyətdə debüt çıxışı 2003-cü ilə təsadüf edir. O vaxtdan etibarən Messi altı dəfə İspaniya çempionatının və üç dəfə Çempionlar Liqasının qalibi olub. Bu müddət ərzində dörd qızıl topa layiq görülüb və hazırda beşinci topu almağa namizəddir.
Argentinalı bu mövsümdə “Barselona”nın heyətində 23 matç keçirib və 23 top vurub. Odur ki, kataloniyalıların baş məşqçisi ilə münaqişəsində onun qələbə şansı daha yüksəkdir.