REGİONLAR
“Lira” musiqili-intellektual oyununda “Simayi-Şəms” komandası birinci olub
Naxçıvan, 13 iyun, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyununun final mərhələsi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, final mərhələsində Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Simayi-Şəms”, Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin “Rast”, Culfa Rayon Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin “Əlincə” və Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin “Aksent” komandaları yarışıblar.
Oyun hər biri 5 nəfərdən təşkil edilən komandalar arasında keçirilib və 3 mərhələdən ibarət olub. Birinci mərhələdə şagirdlərə görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə bağlı, ikinci mərhələdə musiqi əsərlərini dinləmək yolu ilə təyinetmə formatında və üçüncü mərhələdə isə ümumi musiqi dünyagörüşünə dair suallar səsləndirilib. Hər sualın düzgün cavabı 100 balla qiymətləndirilib və sonda ən yüksək bal toplamış komanda oyunun qalibi olub. Digər yüksək oyun nümayiş etdirən komandalar isə müvafiq olaraq II, III və IV yerlərə layiq görülüblər.
Maraqlı və gərgin keçən oyunun final mərhələsində musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırarkən fəallıq göstəriblər.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Simayi-Şəms” I, “Rast” II, “Əlincə” III dərəcəli diplomlara, “Aksent” komandası isə diploma layiq görülüb.