ELM VƏ TƏHSİL
Lisey və gimnaziyalara qəbul olmayan uşaqlar digər məktəblərə yerləşdiriləcək
Bakı, 29 iyun, AZƏRTAC
Lisey və gimnaziyalara qəbul olmayan uşaqlar qonşuluqdakı ərazidə yerləşən digər məktəblərə yerləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva iyunun 29-da jurnalistlərə açıqlamasında deyib.
Bir çox məktəblərdə qəbul prosesinin bitdiyini xatırladan M.Vəliyeva qeyd edib ki, bəzi valideynlər üstünlüyü lisey və ya gimnaziyalara veriblər. O deyib: “Əgər həmin valideynlərin uşaqları imtahandan keçməyibsə, onların narahatlığı başadüşüləndir. Lakin seçim bütövlükdə cəmiyyətin ixtiyarındadır. Hazırda lisey və gimnaziyalara qəbul prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə qəbulun nəticələri açıqlanacaq. Hələlik bununla bağlı idarəyə heç bir müraciət daxil olmayıb. Əhalini tam əmin edə bilərəm ki, istənilən müraciətə həssaslıqla yanaşılacaq”.