DÜNYA
Litva Baltik dənizində neft hasilatına 2019-cu ildə başlaya bilər
Vilnüs, 14 mart, AZƏRTAC
Baltik dənizinin Litvaya aid hissəsində neft hasilatına 2019-cu ildə başlanıla bilər. Bunu ölkənin Baş naziri Saulyus Skvernyalis təsdiqləyir. O bildirib ki, potensial mənbələrdən birinin fəal surətdə neft hasilatı ilə məşğul olan Rusiya ilə Litvanın dəniz sərhədinin yaxınlığında yerləşməsi kəşfiyyat işləri aparmağa sövq edir.
AZƏRTAC xəbər verir ki, Baş nazir ELTA-ya müsahibəsində Baltik dənizinin Litvaya aid hissəsində iki təxmin edilən neft mənbəyi olduğunu bildirir. Onlardan biri Kalininqradla sərhəd yaxınlığında, digəri isə Latviya ilə hələlik demarkasiya edilməmiş sərhəddə yerləşir.
S.Skvernyalis müsahibəsində deyib: “Hüquqi baza olmadan bu gün bizdə mövcud yataqlarda tədqiqat apara bilmərik. Bu səbəbdən qanun layihəsi bəyənilib, Seymdə qanun qəbul ediləcək və 2019-cu ildə kəşfiyyat işlərinə başlamaq olar”.
Ötən həftə xəbər verilmişdi ki, Polşa neft kəşfiyyatı ilə maraqlanır, bu ölkənin energetika nazirinin müavini Mixal Kurtıka isə bu işlə “Lotos” şirkətinin məşğul ola biləcəyini təsdiqləyib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs