DÜNYA
Litva “Baltik yolu” vətəndaş aksiyasının xatirəsini əbədiləşdirməyi təklif edir
Bakı, 20 yanvar, AZƏRTAC
Otuz ildən çox əvvəl baş vermiş “Baltik yolu” vətəndaş aksiyasının xatirəsini əbədiləşdirməyə çalışan Litva insan zəncirinin uzandığı magistral avtomobil yollarını Baltik yolu adlandırmaq niyyətindədir.
AZƏRTAC LETA agentliyinə istinadla xəbər verir ki, Litvanın Nəqliyyat nazirinin müavini Vladislav Kondratoviçin sözlərinə görə, Baltik yolunun xatirəsinin bu şəkildə əbədiləşdirməyi parlamentin azadlıq və dövlətin tarixi yaddaşı uğrunda döyüşlər komissiyası təklif edib və Nazirlik də bu ideyanı bəyənib.
Kondratoviç deyib: “Biz bu hadisəni əbədiləşdirmək, 30 ildən çox əvvəl insanların sıraya düzülərək canlı zəncir əmələ gətirdiyi yolları Baltik yolu adlandırmaq istəyirik”.
Latviyada və Estoniyada da Baltik yolunu əbədilləşdirmək barədə analoji təkliflər səslənib.
Kondratoviç daha sonra deyib: “Biz Latviyanın və Estoniyanın da daxil olduğu Baltik Ölkələri Yol İşçiləri Assosiasiyası vasitəsilə bu təşəbbüsə qoşulmağı və öz ölkəsində Baltik yolunun xatirəsini bu şəkildə əbədiləşdirməyi təklif edirik”. Litvada Vilnüsdən Panevejisə gedən avtomobil yolunu, habelə Panevejis-Pasvalis-Riqa yolunun Latviya sərhədinə qədər uzanan hissəsini Baltik yolu adlandırmaq təklif olunur.
“Baltik yolu” aksiyası 1939-cu ildə Sovet İttifaqı ilə Almaniya arasında Baltik ölkələrinin işğalına gətirib çıxarmış paktın imzalanmasının 50 illiyi ilə əlaqədar 1989-cu il avqustun 23-də keçirilib. Milyonlarla litvalı, latviyalı və estoniyalı Sovet İttifaqından müstəqil olmaq istəklərini ifadə etmək üçün birləşib. Baltik yolu qeyri-zorakı müqavimətin simvoluna çevrilib.