DÜNYA
Litva Rusiya ilə sərhəddə hasar tikintisinə başlayır
Vilnüs, 5 iyun, AZƏRTAC
İyunun 5-də Rusiya ilə Litvanın sərhədində qoruyucu hasar tikintisi başlayır. Litva Dövlət Sərhədini Mühafizə Xidmətindən verilən məlumata görə, bu ilin sonuna qədər sərhədin Litva tərəfində uzunluğu 44,6 kilometr olan hasar tikiləcək.
Hasarın birinci sütunu Litvanın Şakyayski rayonunun Raminişkes kəndi hüdudlarında basdırılacaq. İşlərin ümumi dəyəri 1,335 milyon avro olacaq. Bu vəsait Litva büdcəsindən ayrılıb.
Kalininqrad vilayəti ilə dövlət sərhədi boyunca hündürlüyü təxminən 2 metr olan metal seqmentlərdən ibarət hasar tikiləcək. Bu hasar Viştitis (Viştınets) gölünün yaxınlığında Litva, Polşa və Rusiya üçtərəfli dövlət sərhədlərinin kəsişmə nöqtəsindən başlayan sahələrdə hissə-hissə tikilməklə, Şakyayski və Vilkavişski rayonlarında Neman çayına qədər davam edəcək. 2020-ci ilə qədər Belarus ilə Litvanın sərhədində də hasar tikilməsi nəzərdə tutulur. Litvalı hüquq mühafizəçilərinin sözlərinə görə, bu hasarların tikilməsində məqsəd qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək və qeyri-leqal miqrasiyadan qorunmaqdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs