DÜNYA
Litva Seymi jurnalistlərin reyestrlərdən təmənnasız məlumat almaq hüququnu təmin edib
Vilnüs, 17 aprel, AZƏRTAC
Litva parlamenti ictimaiyyətin məlumatlandırılmasına dair qanuna düzəlişləri təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu düzəlişlər jurnalistlərə dövlət reyestrlərindən məlumatı təmənnasız əldə etmək hüququ verir. Düzəlişlər iyul ayından qüvvəyə minəcək.
Düzəlişlərdə jurnalistlərin Reyestr Mərkəzinin üç reyestrindən - hüquqi şəxslər, daşınmaz əmlak və hüquqi şəxslərin siyahısının yer aldığı məlumat sistemindən məlumatları təmənnasız əldə etmək hüququna malik olduqlarını təsbit edilib.
Qeyd edilir ki, jurnalistlər əlaqə saxlamaq üçün fiziki şəxsin şəxsi kodu, yaşayış yeri və ya ünvanı istisna olmaqla, hüquqi şəxs, mənfəət sahiblərinə dair bütün mühüm və tarixi məlumatları əldə edə biləcəklər. Məlumatı hazırlayan kütləvi informasiya vasitəsi ilə müqaviləsi olan jurnalistlər reyestrdən məlumat əldə edə biləcəklər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs