SİYASƏT
Litva Seyminin nümayəndələri ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıblar
Bakı, 19 oktyabr, AZƏRTAC
Litva Respublikası Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.