CƏMİYYƏT
Litva nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakı, 20 may, AZƏRTAC
Litvanın Baş prokuroru Nida Qrunskienin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 52 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Sonda qonaqlara “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.