DÜNYA
Litva parlamentində müxalifət fraksiyaları Konstitusiya Məhkəməsinə müraciət etmək üçün imza toplayıblar
Vilnüs, 21 fevral, AZƏRTAC
Litva parlamentində müxalifət fraksiyaları referendum və Seymin üzvlərinin ixtisarı haqqında elan olunmuş referendum haqqında yeni Qanuna qiymət verilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün imza toplayıblar.
AZƏRTAC Delfi agentliyinə istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsinə müraciəti mühafizəkarlar, liberallar, sosial-demokratlar və Qarışıq qrupun bir neçə üzvündən ibarət müxalifət fraksiyalarının nümayəndələri imzalayıblar.
Litva Seymi ötən il özünün son payız plenar sessiyasında Seymin üzvlərinin sayının 141-dən 121-dək ixtisar edilməsi barədə referendum elan edib. Qərara əsasən, referendum mayın 12-də - prezident seçkiləri ilə eyni gündə baş tutacaq. Müxalifət bu qərarı populist adlandırır və onunla razılaşmır. Konstitusiya Məhkəməsinə müraciət edən fraksiyalar iddia edirlər ki, ötən ilin sonunda sözügedən qanun Konstitusiya sənədi kimi deyil, adi qanun statusunda qəbul edilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs