CƏMİYYƏT
Litva qəzetində bu ölkədə yaşayan həmvətənlərimizlə bağlı müsahibə dərc olunub
Vilnüs, 16 aprel, AZƏRTAC
Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri, Klaypeda Milli İcmalar Şurasının üzvü Əliağa Məmmədov ilə “Klaypeda” qəzetində müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə Litvada yaşayan azərbaycanlılar barədə məlumat verilir. Xüsusən də Klaypedada yaşayan həmvətənlərimizin Azərbaycan ənənələrinə sadiq çıxması, tariximizi, mədəniyyətimizi təbliğ etməsi və bütövlükdə ölkəmizi tanıtması istiqamətində gördüyü işlər ətraflı şərh edilib.
Ə.Məmmədov “Azeris” cəmiyyətinin Litvada Azərbaycanla bağlı təşkil etdiyi tədbirlər barədə ətraflı danışıb. O, cəmiyyət tərəfindən Klaypeda şəhərində bazar günü məktəbinin təşkil olunduğunu, burada uşaqlara Azərbaycan tarixinin, ənənələrinin, rəqslərinin öyrədildiyini diqqətə çatdırıb. Məktəbə litvalı uşaqların da marağının böyük olduğu vurğulanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs