DÜNYA
Litva rəhbərliyi COVID-19-a qarşı “AstraZeneca” vaksini ilə peyvənd olunub
Vilnüs, 23 mart, AZƏRTAC
Litva rəhbərliyi koronavirusa qarşı “AstraZeneca” şirkətinin istehsalı olan vaksin ilə peyvənd olunmaq və bununla da ona olan inamı artırmaq niyyətindədir.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Litva Prezidenti Gitanas Nausedanın Vilnüs şəhərinin Nauyamestis rayonunda yerləşən “Centro poliklinika”sında ötən gün yerli vaxtla 09:30-da, həmçinin Parlamentin spikeri Viktoriya Çmilite-Nilsenin də saat 13:00-da həmin poliklinikada peyvənd edilib.
Bununla yanaşı, Baş nazir İnqrida Şimonite 10:50-də “Antakalnis” poliklinikasında, səhiyyə naziri Arunas Dulkis isə saat 15:00-da Nauyoyi-Vilnya mikrorayonunun poliklinikasında peyvənd olunub.
Qeyd edilib ki, Litva və bir sıra Avropa ölkələrində peyvənd olunmuş insanlarda aşkarlanan tromboemolizm halları səbəbilə koronavirusa qarşı “AstraZeneca” vaksini ilə aşılanma dayandırılıb. Lakin ötən cümə axşamı Avropa Əczaçılıq Agentliyi COVID-19 əleyhinə bu vaksinin təhlükəsiz və təsirli olması barədə açıqlama verməsindən sonra Litvada “AstraZeneca” vaksini ilə aşılanma prosesi yenidən bərpa edilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs