DÜNYA
Litvada “Mümkünlük pasportu" ilə bağlı qərar bu həftə verilə bilər
Vilnüs, 29 aprel, AZƏRTAC
“Mümkünlük pasportu" ilə bağlı qərar bu həftə verilə bilər.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri İnqrida Şimonite deyib.
Xatırladaq ki, Litva İqtisadiyyat Nazirliyi peyvənd olunmuş, xəstəlikdən sağalmış və COVID-19 testi neqativ çıxmış şəxslərə “Mümkünlük pasportu” vermək təklifini irəli sürüb.
"Bərabərliyi təmin etmək üçün testdən keçmiş insanlara da pasportdan istifadə etməyə icazə verməkdən başqa yol qalmır, çünki peyvənd vurdurmaq arzusunda olanların vaksinasiyasına hələlik imkan yoxdur. “Mümkünlük pasportu"nu qısamüddətli həll yolu kimi qəbul edirəm", – deyə İnqrida Şimonite bildirib.
Baş nazir qeyd edib ki, Litvanın "Mümkünlük pasportu”nun gələcəkdə Avropanın yaşıl pasportuna inteqrasiya edilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu cür pasport restoranlara, qapalı məkanlara getməyə, kütləvi tədbirlərdə iştirak etməyə, ikidən çox ailənin iştirakı ilə şəxsi tətillər keçirməyə imkan verəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs